ELM VƏ TƏHSİL
Ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə proqram layihəsi qəbul olunub
Bakı, 31 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) psixometriya üzrə elmi-metodiki seminar olub.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, seminarda 2016/2017-ci tədris ili üçün ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramının layihəsinin, bakalavrlara kömək məqsədi ilə “Magistr” jurnalında dərc olunacaq test tapşırığı nümunələrinin müzakirəsi davam etdirilib.
Eyni zamanda, “Məntiqi-riyazi test tapşırıqları” bölməsi üzrə nümunələr ətrafında fikir mübadiləsi aparılıb.
Proqram layihəsi əlavə və dəyişikliklərlə qəbul olunub.
Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) müəyyən edilməsi üzrə magistraturaya qəbul proqramı “Magistr” jurnalında dərc ediləcək.
Noyabrın 6-da keçiriləcək növbəti seminarda iştirakçılara testlərin işlənib-hazırlanmasının nəzəriyyəsi və praktikası haqqında ümumi məlumat veriləcək, testologiyaya dair mühüm anlayış və terminlər izah olunacaq, məntiqi təfəkkürün yoxlanılması üzrə test tapşırıqlarının tərtibinə verilən tələblərin müzakirəsi aparılacaq.