İDMAN
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turnirinə yekun vurulmuşdur [YENİLƏNİB]
Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turnirinə yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan, Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan, Türkiyə, Özbəkistan və İsraildən ümumilikdə 131 idmançı birincilik uğrunda mübarizə aparmışdır.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Rüfət Hüseynov (46 kq, Azərbaycan), Baxtiyar Nidoyev (48 kq, Özbəkistan), Ümid Rüstəmov (50 kq, Azərbaycan), Tayfur Əliyev (52 kq, Azərbaycan) və Elməddin İsmayılov (54 kq, Azərbaycan), Babur Mirzətalubov (57 kq, Özbəkistan), Şamil İbrahimzadə (60 kq, Azərbaycan), İsmayıl Hüseynov (63 kq, Azərbaycan), Georgiy Xarabadze (66 kq, Gürcüstan) və Hüseyn Tarıverdili (70 kq, Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Ümumi komanda hesabında Azərbaycan kollektivi birinci olmuşdur.
Qeyd edək ki, yeniyetmələrin bu il əsas yarışı avqustda Kiyevdə keçiriləcək dünya birinciliyidir. Məhz Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə özünü yaxşı tərəfdən göstərən boksçular milli komandanın heyətinə cəlb olunmuşlar.