CƏMİYYƏT
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Türkiyənin Aralıq rayonunda ehtiramla anılıb
Ankara, 11 dekabr, AZƏRTAC
Azərbaycanın ümummilli lideri, xalqımızın xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsi Türkiyənin İqdır vilayətinin Aralıq rayonunda ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, Türk Ağsaqqallar İctimai Birliyi (TAİB), Türkiyənin Aralıq rayon bələdiyyəsi və İqdır Azərbaycan Evi Dərnəyi tərəfindən təşkil olunan mərasimdə rəsmi şəxslər, deputatlar, yerli ictimaiyyətin nüfuzlu nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Mərasim bir dəqiqəlik sükut, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin ruhuna dualar oxunub.
Azərbaycan Milli Məclisinin deputatları Hikmət Babaoğlu və Elşad Mirbəşiroğlunun, TAİB-in sədri Sudeyif İmamverdiyevin, Aralıq rayon bələdiyyəsinin sədri Mustafa Güzelkayanın, Tuzluca rayon bələdiyyəsinin sədri Sadrettin Türkanın və İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, yazıçı-publisist Sərdar Ünsalın çıxışları dinlənilib.
Çıxışlarda dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin dərin mənalı ömür yolundan, siyasi fəaliyyətinin mühüm istiqamətlərindən bəhs olunub.
Azərbaycanda olduğu kimi Türkiyədə də Ulu Öndərin eyni məhəbbətlə sevildiyini diqqətə çatdıran çıxışçılar əminliklə bildiriblər ki, nəsillər dəyişsə də Heydər Əliyev kimi dahi şəxsiyyətlər hər zaman insanların qəlbində yaşayır. Çünki dahilərin əməyi ölkələrin çiçəklənməsinə, xalqların rifahına xidmət edir. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan və Türkiyənin qardaşlığına, xalqlarımızın firavanlığına həsr olunub. Ona görə də, Heydər Əliyev şəxsiyyəti insanların qəlbində əbədiyaşardır.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı Qələbə sayəsində otuz illik işğala son qoyulması ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin real nəticəsi kimi dəyərləndirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara