İQTİSADİYYAT
Ümummilli lider Heydər Əliyevin qayıdışı Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi hadisədir
Sumqayıt, 13 iyun (AZƏRTAC). ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin təmir-tikinti idarəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Respublikasının dövlət himni səsləndirilmiş, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yığıncaqda çıxış edənlər 1993-cü il iyunun 15-də yenidən Azərbaycan rəhbərliyinə qayıtmış Heydər Əliyevin böyük xilaskarlıq missiyasından danışmışlar. Qeyd edilmişdir ki, bu qayıdış dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlanğıcı olmuşdur.
Natiqlər bildirmişlər ki, ümummilli liderin yorulmaz səyləri nəticəsində Azərbaycanda durğunluğa və tənəzzülə son qoyulmuş, ölkədə inkişafa, tərəqqiyə doğru inamlı addımlar atılmışdır. Azərbaycanın beynəlxalq aləmə iqtisadi və siyasi inteqrasiyasının təməli qoyulmuş, “Əsrin müqaviləsi” tariximizə qızıl hərflərlə yazılmışdır.
Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycanın kimya sənayesində müasir tələblərə cavab verən istehsalat sahələrinin yaradılmasında və yeni texnoloji xətlərin istismara verilməsində əvəzsiz xidmətləri xüsusi vurğulanmışdır.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətin mətni oxunmuşdur.