SİYASƏT
ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN MOSKVA REGİONAL BÖLMƏSİ MOSKVA HÖKUMƏTİ YANINDA MİLLƏTLƏRARASI MƏSLƏHƏT ŞURASININ TƏRKİBİNƏ DAXİL OLMUŞDUR
MMŞ-nin “Millətlərarası münasibətlər sahəsində şəhər ortamüddətli tolerantlıq proqramının gerçəkləşdirilməsi Moskva hökumətinin fəaliyyətinin öncül istiqamətlərindən biridir” mövzusunda növbəti iclasında sədrlik edən Moskvanın vitse-meri Valeri Şantsev ÜAK-ın Moskva regional bölməsinin MMŞ-nin tərkibinə daxil olunduğunu bildirmişdir. O, ÜAK-ın Rusiya cəmiyyətindəki fəaliyyətini yüksək qiymətləndirərək, Moskva bölməsinin işini ayrıca vurğulamışdır. V.Şantsev demişdir ki, bölmə ictimai təşkilatlar arasında əməkdaşlığa və Azərbaycan diasporunun Moskvanın bütün qurumları ilə qarşılıqlı fəaliyyətinə böyük töhfə verir.
Moskva bölməsinin sədri İlqar Hacıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Ümumrusiya Azərbaycan Konqresi, o cümlədən onun Moskva bölməsi milli siyasət sahəsində Moskva hökuməti ilə fəal əməkdaşlıq edir. Onun Millətlərarası Məsləhət Şurasının tərkibinə daxil edilməsi isə bu strukturda daha aktiv qarşılıqlı fəaliyyət göstərməyə, praktik vəzifələri yerinə yetirməyə imkan verəcəkdir. Onun sözlərinə görə, MMŞ-nin müzakirəsinə çıxarılmış Moskvada millətlərarası münasibətlərin inkişafının ortamüddətli şəhər proqramı məsələsi Azərbaycan diasporunun planları ilə tam üst-üstə düşür. Bu proqramda milli mədəniyyət mərkəzlərinin yaradılmasına yardım göstərilməsi də nəzərdə tutulmuşdur. ÜAK Moskvanın bütün ərazisində öz yerli, dairə və rayon bölmələrini yartmağı planlaşdırır.