SİYASƏT
Ümumrusiya Azərbaycanları Konqresi Çuvaş Respublikasında silsilə tədbirlər keçirmişdir
Bakı, 28 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Ümumrusiya Azərbaycanları Konqresinin (ÜAK) və konqresin yerli nümayəndəliyinin dəstəyi ilə Rusiyanın Çuvaş Respublikasının paytaxtı Çeboksarı şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur.
Ümumrusiya Azərbaycanları Konqresindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycandan geniş tərkibli nümayəndə heyəti ilə yanaşı, ÜAK-ın Moskva nümayəndəliyi və Rusiyanın müxtəlif regionlarındakı diasporumuzun rəhbərləri də iştirak etmişlər.
Səfərin əsas məqsədi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd edilməsi olsa da, nümayəndə heyəti həm Çeboksarı şəhərinin azərbaycanlı sakinləri, həm də respublikanın dövlət rəsmiləri ilə də görüşlər keçirmişlər.
İlk görüş Çuvaş Respublikasının Dövlət Şurasında reallaşmışdır. Nümayəndə heyəti burada Çuvaş Respublikasının Dövlət Şurasının sədri Yuri Papov ilə görüşmüşdür.
Azərbaycanlıları Çuvaş torpağında salamlamaqdan qürur duyduğunu bildirən Dövlət Şurasının sədri Azərbaycan diasporunun fəaliyyətindən razılığını bildirmiş, onun ən fəal diaspor təşkilatı kimi şəhərin inkişafına verdiyi töhfələrdən danışmışdır. Bildirmişdir ki, Azərbaycan ilə Çuvaş Respublikası təkcə diaspor səviyyəsində deyil, hökumətlərarası sazişlərlə fəaliyyət çevrəsini daha da genişləndirməlidirlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Rizvan Əliyev öz növbəsində səmimi qarşılaşmaya görə Çuvaş Respublikasının hökumət nümayəndələrinə təşəkkür etmişdir. Azərbaycanlıların bu regionda etnik zəmində heç bir problemi yoxdur deyən Rizvan Əliyev Azərbaycan ilə Rusiya Federasiyasının Çuvaş Respublikası arasında əlaqələri daha da dərinləşdirmək üçün bir sıra konkret təkliflər də irəli sürmüşdür.
ÜAK-ın icraçı direktorunun müavini, qurumun aparatının rəhbəri Nemət Nağdəliyev respublikanın hökumət nümayəndələrinə Ümumrusiya Azərbaycanları Konqresi haqqında məlumat vermişdir. Təşkilatın Rusiyanın 70-ə yaxın regionunda fəaliyyət göstərdiyini, məqsədin qürbət ölkədə yaşayan soydaşlarımızın birləşməsi, vəzifənin azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyası ilə yanaşı, Azərbaycan tarixinin, mədəniyyətinin, dilinin təbliği olduğunu bildirmişdir. Hazırda Azərbaycan Respublikasında 8 minə yaxın çuvaşın yaşadığı haqqında məlumat isə Çuvaş Respublikasının hökumət nümayəndələrinin böyük marağına səbəb olmuşdur.
Digər çıxış edənlər də azərbaycanlıların və çuvaşların tarixinə nəzər salmış, hər iki xalqın eyni kökdən olduğunu vurğulamışlar.
Nizamişünas Vəfa Hacıyeva isə Çuvaş Respublikasında dahi şairin yaradıcılığına olan maraqdan məmnunluğunu və Nizaminin təkcə Azərbaycana deyil, bütün türk dünyasına aid olduğunu nəzərə çatdırmışdır.
Görüşün sonunda Azərbaycan nümayəndə heyəti adından respublika hakimiyyətinə ölkəmizdən bəhs edən kitablar, disklər, suvenirlərlə yanaşı, milli xalçamız və müəllifi Əsgər Məmmədovun olduğu Bakı şəhərinin mənzərəsi əks olunmuş rəsm əsəri hədiyyə edilmişdir. Qonaqlara isə çuvaş milli-mədəni irsindən bəhs edən ədəbiyyat hədiyyə olunmuşdur.
Növbəti görüş Ümumrusiya Azərbaycanları Konqresi yerli nümayəndəliyinin üzvləri ilə keçirilmişdir. Tədbiri açan Çuvaş Respublikası Mədəniyyət Nazirliyinin millətlərarası əlaqələr şöbəsinin müdiri Mixail Krasnov Rusiya Federasiyasının bu subyektində 128 xalqın nümayəndəsinin yaşadığını bildirmişdir. Azərbaycan diasporunun fəaliyyətindən danışan şöbə müdiri həmvətənlərimizin şəhərdə ən fəal təbəqə olduğunu və respublikanın həm sosial, həm də iqtisadi həyatında yaxından iştirak etdiklərini diqqətə çatdırmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1986-ci ildə Çuvaşiyaya səfərini xatırladan Mixail Krasnov, ulu öndərin şəhərin milli parkında ağac əkdiyini də vurğulamışdır. Bu diyarda 1000-ə yaxın azərbaycanlının rəsmi qeydiyyatdan keçdiyi, ümumən isə 3000 minə yaxın azərbaycanlının fəaliyyət göstərdiyi nəzərə çatdırılmışdır.
ÜAK-ın Çuvaş Respublikası üzrə regional bölməsinin sədri Əziz Bədirov azərbaycanlıların respublikada keçirilən humanitar proqramlarda xüsusi fəallıq göstərmələrindən danışmışdır. Bildirmişdir ki, hər il Novruz bayramının qeyd olunması, 9 May-Qələbə Günündə veteranlarla görüş və onlara edilən yardımlar, Azərbaycan diasporu tərəfindən tikilərək şəhərə hədiyyə olunan sosial və dini obyektlər bu qəbildəndir.
Azərbaycandan gəlmiş nümayəndə heyətinin rəhbəri, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Rizvan Əliyev çıxışında artıq şəhərdə bir necə görüş keçirdiklərini bildirmişdir. Çox yaxşı haldır ki, Rusiyanın bu bölgəsində Nizami Gəncəvinin yaradıcılığı ilə yaxından tanışlıq vardır deyən nümayəndə heyətinin rəhbəri, dahi şairin təkcə Azərbaycana deyil, bütün dünyaya məxsus olduğunu vurğulamışdır.
Üç gün davam edən tədbirin növbəti günündə Azərbaycan nümayəndə heyəti dahi şair Nizami Gəncəvinin 2004-cü ildə Çuvaş Respublikasının paytaxtı Çeboksarı şəhərində ucaldılmış abidəsi önünə tər çiçəklər düzmüş, xatirə şəkli çəkdirilmişdir.
Qonaqların növbəti görüş məkanı Çuvaş Milli Parkında vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən əkilmiş yel ağacın ətrafında olmuşdur. Bir çox dövlət başçıları tərəfindən əkilmiş bu ağaclar arasında ən ucası və diqqəti cəlb edəni məhz ulu öndər Heydər Əliyevin vaxtilə əkdiyi ağacın olması soydaşlarımızda qürur hissi yaratmışdır.
Azərbaycanlılardan ibarət nümayəndə heyəti, həmçinin Çuvaş Milli Muzeyinə də baş çəkmiş, burada həmin respublikanın və xalqın tarixi ilə yaxından tanış olmuşdur.
Silsilə tədbirlərin sonunda Azərbaycanın dahi şairi və filosofu Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilmişdir. Respublikanın mədəniyyət naziri və Azərbaycan nümayəndə heyəti üzvlərinin çıxışlarından sonra bədii hissə başlamışdır.
Nizami Gəncəvinin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Daha sonra rəngarəng musiqi proqramları təqdim edilmişdir. Çuvaş Filarmoniyasının “Saval” ansamblı və Azərbaycanın qədim musiqi alətləri ansambllarının çıxışları gurultulu alqışlarla qarşılanmışdır.