ELM VƏ TƏHSİL
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI İLƏ TƏMİNATI PROQRAMI UĞURLA HƏYATA KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, dekabrın 25–də Təhsil Nazirliyində “Ümumtəhsil məktəblərində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi vəziyyətinin monitorinqi” mövzusunda kollegiya iclası keçirilmişdir.
Məktəb direktorlarının iştirak etdiyi iclasda təhsil naziri Misir Mərdanov bildirmişdir ki, Prezident İlham Əliyevin imzaladığı “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005–2007–ci illər)” ardıcıl olaraq həyata keçirilir. Belə ki, məktəblər İKT avadanlığı ilə təmin olunur, pedaqoji kadrlar İKT üzrə treninqlərdən keçir, yeni nəsil tədris materiallarının (multimedia disklərinin) hazırlanması üzrə mühüm tədbirlər görülür. Proqram çərçivəsində ölkəmizin təhsil sistemində İKT infrastrukturunun inkişafı və onun tətbiqinin müasir standartlar səviyyəsinə çatdırılması prioritet istiqamətə çevrilmişdir. Proqrama əsasən, 2005–2007–ci illərdə 3 min 693 məktəbə 31 min 677 kompyuter, 1103 noutbuk, proyektorlar dəsti və digər avadanlıq verilmiş, 1722 kompyuter sinfi yaradılmışdır.
Nazir tədris sistemində İKT-nin tətbiqinin genişləndirilməsinin əhəmiyyətindən danışmış və məlumat vermişdir. Fizika, biologiya, tarix, kimya fənləri üzrə elektron tədris resursları hazırlanmış, məktəblərə paylanmışdır. 14 minə yaxın müəllim xüsusi treninqdən keçmişdir.
Sonra nazir bu sahədə mövcud olan mühüm problemə toxunmuş və nəzərə çatdırmışdır ki, bəzi təhsil müəssisələrində kompyuterlər şagirdlərin istifadəsinə verilmir və məktəb rəhbərləri bu vacib işə biganə yanaşırlar.
Bildirilmişdir ki, bu ilin oktyabr və noyabr aylarında ümumtəhsil məktəblərində İKT–nin tətbiqi vəziyyətinin monitorinqi keçirilmişdir. Monitorinq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun 356 məktəbini əhatə etmişdir.
Sonra monitorinqin nəticələri açıqlanmışdır.