ELM VƏ TƏHSİL
UNEC-in əməkdaşları İsveçdə “Nizami” layihəsinin ikinci seminarında iştirak ediblər
Bakı, 4 oktyabr, AZƏRTAC
İsveç Krallığının Uppsala şəhərində “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin vahid Avropa ali təhsil məkanının standartlarına uyğunlaşdırılması və strukturlaşdırılması” üzrə “Nizami” layihəsinin ikinci seminarı keçirilib.
Seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) doktorantura şöbəsinin müdiri Həmid Həmidov və beynəlxalq əlaqələr departamentinin mütəxəssisi Aysel Musayeva iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əməkdaşlar seminar zamanı UNEC-də doktorantura sahəsində aparılan yeniliklər barədə məlumat veriblər. Onlar doktorantura səviyyəsinin Avropa standartlarına uyğunlaşdırılması, o cümlədən beynəlmiləlləşdirilməsinin üstünlüklərindən danışıblar. İmpakt faktorlu jurnallarda məqalələrin dərc olunmasının stimullaşdırılması, analitik laboratoriyaların yaradılması, ikili rəhbərli müqavilələrin bağlanması ilə bağlı geniş müzakirələr aparılıb. Baş əlaqələndiricisi Fransanın Monpelye Universiteti olan layihə ilə bağlı keçirilən seminarda UNEC-lə birlikdə digər tərəfdaş universitetlərin nümayəndələri də iştirak ediblər.