ELM VƏ TƏHSİL
UNEC-in rektoru Azərbaycanda Universitet Kitabxanaları Assosiasiyasının yaradılmasını təklif edib
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təşkil olunan Universitetlərarası Birinci Kitabxana Forumunda təhsil sistemində universitet kitabxanalarının funksionallığının artırılması, tələbələrə və tədqiqatçılara daha açıq və əlçatan olması, onların öz resurslarını və xidmətlərini ali təhsil müəssisələrinin tədqiqat və təhsil fəaliyyətinə inteqrasiya etməsi kimi bir sıra məsələlər müzakirə edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, müzakirələrdə iştirak edən rektor Ədalət Muradov təkliflərini səsləndirib. O qeyd edib ki, kitabxana universitetin məlumat mərkəzi kimi açıq elm təşəbbüsünə yardım etməli, universitet alimlərinin tədqiqat nəticələrini, kontentini tam və keyfiyyətlə dünya məlumat və bilik məkanında nümayiş etdirməlidir. Elmi kommunikasiyanın mürəkkəbləşməsi və onun onlayn rejimə keçməsi tədqiqatın bütün mərhələsində tədqiqatçılara kömək etməyi universitet kitabxanaları qarşısında əsas vəzifə kimi qoyur. Kitabxanaların “anbar” modeli öz əhəmiyyətini sürətlə itirir. Çap olunmuş kitabların əsas məlumat mənbəyi rolunu itirməsi və bununla yanaşı, məlumat bolluğu təmin etmiş müasir texnologiyalar kitabxana məkanının təşkilində nəzərə alınmalıdır.
Universitet kitabxanalarının modernləşməsi və onların göstərdiyi xidmətlər spektrinin genişləndirilməsi vəzifəsi kitabxananın mövcud idarəetmə modelinin təkmilləşdirilməsini, eləcə də innovasiyaların genişləndirilməsini, istedadlı və peşəkar kadrların qorunmasını tələb edir.
Bununla yanaşı, rektor həm də Azərbaycanda Universitet Kitabxanaları Assosiasiyasının yaradılmasını, universitet kitabxanalarının elektron informasiya resurslarının birləşdirilməsini və həmin resurslara vahid pəncərə çərçivəsində giriş imkanı yaradılmasını təklif edib. Bildirib ki, bunun üçün universitet kitabxanalarının elektron kataloqlarının vahid şəbəkəsi yaradılmalıdır. Həmçinin universitet kitabxanaları arasında kitab mübadiləsi sistemi qurulmalı, universitet kitabxanalarının aldıqları yeni kitablar haqqında vahid məlumat mübadilə sistemi yaradılmalıdır.