ELM VƏ TƏHSİL
UNEC “Web of Science” üzrə son 3 ildə ölkənin ən inkişaf etmiş universiteti seçilib
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) şirkətinin mükafatına layiq görülüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atan UNEC nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiyasına görə “Clarivate Analytics” şirkətinin “Web of Science Awards-2018” və “Most progressive universities in Web of Science for the last 3 years” mükafatlarını qazanıb.
UNEC-də “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə beynəlxalq konfrans və təlimlər keçirilib. MDB məkanı ölkələrində ilk dəfə UNEC-də elmmetriya haqqında biliklərin sistemləşdirildiyi “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabı tərcümə edilərək çap olunub.
Əməkdaşlıq müddətində UNEC-in professor-müəllim heyətinin “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin sayında da ciddi artım qeydə alınıb. Belə ki, UNEC-in 1991-2018-ci illərdə “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin (77 əsər) təxminən 56 faizi (43 əsər) son 3 ilin payına düşür.