DÜNYA
UNICEF Efiopiyada quraqlığın dağıdıcı nəticələri barədə xəbərdarlıq edib
Madrid, 21 iyul, AZƏRTAC
UNICEF Efiopiyada quraqlığın dağıdıcı nəticələri barədə xəbərdarlıq edərək bildirib ki, bu ölkədə 10 milyon insanın, o cümlədən 4,4 milyon uşağın təcili humanitar yardıma ehtiyacı var.
AZƏRTAC xəbər verir ki, UNICEF-in fövqəladə əməliyyatlar üzrə direktoru Manuel Fonteyn quraqlığın uşaqlara məhvedici təsiri barədə məlumat verib və əlavə edib ki, quraqlıq təkcə suyun çatışmaması demək deyil.
Manuel Fonteynin sözlərinə görə, quraqlıq səbəbindən uşaqlar hər gün ac və susuz qalır, onlar yemək və su axtara-axtara neçə kilometr piyada getməyə məcburdur və çox vaxt çirklənmiş mənbələrdən götürülən suya qane olurlar. Bu da öz növbəsində, onların doyunca yeməməsinə və diareya kimi ölümcül xəstəliklərə gətirib çıxarır.
UNICEF xəbərdarlıq edib ki, Efiopiyanın xüsusilə ciddi zərər çəkmiş dörd regionunda - Afara, Oromiya, Cənub millətləri və xalqları regionu (SNNPR) və Somalidə aclıq halları həyəcan doğurucu sürətlə artmaqdadır. Bu ilin sonuna qədər həmin regionlarda təqribən 600 min uşağın yardıma ehtiyacı olacaq.
Manuel Fonteyn bununla əlaqədar vurğulayıb ki, 2022-ci ilin may ayında Somali regionunda 5 yaşa qədər uşaqlar arasında doyunca yeməmək səbəbindən xəstəxanaya düşənlərin sayı 2021-ci ilin may ayı ilə müqayisədə 43 faiz artıb.
İqlimlə bağlı ekoloji böhran təkcə Efiopiyada deyil, bütün Afrikada uşaqlar arasında doyunca yeməmək böhranına gətirib çıxarıb.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) bu yaxınlarda UNICEF üçün 200 milyon dollar həcmində yardım ayırıb. Bu, ehtiyacı olan ölkələrin ərzaqla təmin edilməsi işini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
UNICEF Ukraynada hərbi əməliyyatların nəticələrini xatırladaraq vurğulayıb ki, bu səbəbdən daha çox insan ölüm həddinə çatacaq, yanacağın bahalaşması və buğda idxalının azalması səbəbindən ərzaq təhlükəsizliyi sarıdan vəziyyət daha da kəskinləşəcək. Efiopiyaya gəlincə, bu ölkə buğdanın 67 faizini Rusiya və Ukraynadan idxal edir. Bu, o deməkdir ki, bitki yağı, çörək, buğda unu kimi məhsulların yerli bazarlarda qiymətləri rekord səviyyəyə çatır, hətta humanitar böhran şəraitində yaşamayan ailələr də qida məhsullarına gündəlik ehtiyaclarını təmin edə bilmir.
UNICEF beynəlxalq donorlara müraciət edərək Efiopiyanın quraqlıqdan zərər çəkmiş rayonlarında çox pis vəziyyətdə olan 2 milyondan çox insana kömək və quraqlığa qarşı mübarizə məqsədilə 351 milyon dollar həcmində yardım toplamaq barədə əvvəlki ümumi humanitar çağırışa əlavə olaraq daha 65 milyon ABŞ dolları toplamağa çağırıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid