CƏMİYYƏT
UNICEF ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadze və Uşaqların Müdafiəsi Proqramının rəhbəri Ramiz Behbudovla görüş keçirilib.
Şuradan AZƏRTAC-a bildirilib ki, A.Şilakadze Fondun fəaliyyəti barədə məlumat verərək Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. A. Şilakadze UNICEF-in Şəmkir, Şirvan və Qəbələdəki QHT Təlim və Resurs mərkəzləri, eləcə də uşaq hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən digər QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirmək istədikləri layihələr haqqında da fikirlərini bildirib.
Qonaqlar QHT haqqında qanunvericiliyə edilən əlavə və dəyişiklərdən sonra BMT-nin tərkib hissəsi olan UNICEF, UNDP-nin fəaliyyət imkanlarının vəziyyəti ilə maraqlandıqlarını deyiblər.
Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev Şuranın QHT sektorunun inkişafı istiqamətində həyata keçirdiyi işlər haqqında məlumat verib. A.Quliyev UNICEF-in ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirdiyini deyib və Azərbaycan qanunvericiliyində edilən son dəyişikliklərin QHT sektorunda şəffaflığın, effektiv idarəetmənin və hesabatlılığın təminatına xidmət etdiyini bildirib
Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılıb və Şura ilə Fondun əməkdaşlıq imkanlarının genişləndirilməsi haqqında müzakirələr aparılıb.