İDMAN
Universal döyüş üzrə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulmuşdur
Bakı, 13 may (AZƏRTAC).) Qusar Olimpiya İdman Kompleksində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnir başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, yarışda Rusiya, Özbəkistan, Ukrayna, Türkiyə, Gürcüstan, İran, Belarus, Rumıniya və digər ölkələrdən 400-dək idmançı birincilik uğrunda mübarizə aparmışdır.
Yeniyetmə, gənclər və böyüklər arasında keçirilən turniri 16 hakim idarə etmişdir. Böyüklər arasında keçirilən yarışlarda 9 çəki dərəcəsindən 4-də Azərbaycan yığmasının üzvləri qalib adını qazanmışlar. Özbəkistan yığması 3 qızıl, Rusiya və Gürcüstan komandasının üzvləri isə hərəyə 1 qızıl medal əldə etmişlər. Yekun nəticəyə əsasən təmsilçilərimiz 4 qızıl, 2 gümüş, 4 bürünc medalla ümumi hesabda birinci olmuşlar. Özbəkistan yığması ikinci pillədə qərarlaşmışdır. Rusiya və Gürcüstan komandaları üçüncülüyü bölüşmüşlər.
Yeniyetmə və gənclər arasında keçirilən yarışlarda 10 qızıl, 7 gümüş, 11 bürünc medalla yığmamız birinci pillədə qərarlaşmışdır. Özbəkistan yığması bu yaş qrupu üzrə yarışlarda da ikinci pillənin sahibi olmuşdur. Türkiyə idmançıları üçüncü yeri tutmuşlar.