ELM VƏ TƏHSİL
Universitetdə “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Azərbaycan Dillər Universitetində (ADU) “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Sonsuz dəhliz” filmi nümayiş olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, filmin nümayişindən əvvəl ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev 1992-ci il mayın 8-də Azərbaycanın zəngin və qədim tarixə malik Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsindən söz açıb. O, həmin günün Azərbaycan xalqının həyatında ən böyük müsibətlərdən biri kimi tarixə düşdüyünü diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının davam etdiyini deyən prorektor kampaniyanın məqsədinin Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması olduğunu söyləyib.
Sonra litvalı jurnalist Riçardas Lapaytis və rejissor Aleksandras Brokas tərəfindən hazırlanan, real faktlar əsasında lentə alınan və işğalı əks etdirən “Sonsuz dəhliz” sənədli filmi göstərilib.
Film tələbələrin böyük marağına səbəb olub.