CƏMİYYƏT
Uşaq əməyinin istismarının baş verməməsi məqsədi ilə maarifləndirmə işləri aparılır
Bakı, 9 fevral, AZƏRTAC
Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir. Xüsusilə uşaq əməyinin istismarının baş verməməsi məqsədi ilə özəl qurumlarda müvafiq təbliğat və maarifləndirmə işləri aparılır. Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən “Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində təşkil olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində komitə tərəfindən Bakı şəhərində və regionlarda orta məktəblərin 8-11-ci sinif şagirdlərinin iştirakı ilə maarifləndirmə təlimləri keçirilib. İnsan alverinə qarşı mübarizə tədbirlərinin davamı olaraq “İnsan alverinin qurbanı olma”, “Uşaqlarınızı qoruyun”, “Qadın alveri” və “Özünü müdafiə etməyi bacar” adlı bukletlər hazırlanıb, əhali arasında paylanılıb.