ELM VƏ TƏHSİL
Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə ADBTİA arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Bakı, 10 mart, AZƏRTAC
Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumda uşaq və gənclərin bədən tərbiyəsi, fiziki hazırlığı, sağlam həyat tərzinin formalaşdırılması və idman turizmi sahəsində əməkdaşlıq nəzərdə tutulur.
ADBTİA-nın rektoru Fuad Hacıyev rəhbərlik etdiyi təhsil müəssisəsinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin cəmiyyətimizin inkişafına töhfə verə biləcək vətəndaşların formalaşdırılması sahəsində fəaliyyət göstərdiklərini söyləyib.
Rektor son bir ildə akademiyada aparılan yenidənqurma işləri, burada açılan yeni idman ixtisasları barədə məlumat verib.
Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə bildirib ki, bu əməkdaşlıq uşaq və gənclərdə xüsusi bilik və bacarıqların, sağlam həyat tərzinin formalaşdırılması sahələrini, kadr hazırlığını, birgə maarifləndirmə təlimlərinin, yay məktəblərinin, düşərgələrin, seminar və konfransların təşkilini, qarşılıqlı maraq doğuran beynəlxalq və milli layihələrdə birgə iştirakı əhatə edir.