İDMAN
“Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial layihənin təqdimatı keçirilmişdir
Bakı, 20 iyun (AZƏRTAC). İyunun 20-də “Qafqaz Baku City” mehmanxanasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Real Madrid” Fondu (“Fundacion Real Madrid”) ilə birgə həyata keçirdiyi “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial layihəsinin təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi “Real Madrid” Fondunun sosial idman modeli əsasında Bakıda ilk sosial futbol məktəbinin yaradılmasıdır.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov layihənin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, layihə “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Nazir müavini layihəni futbolun uşaqlar və gənclər arasında kütləviləşməsi, onların sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası istiqamətində atılmış mühüm addım kimi qiymətləndirmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Ağababa İbrahimov orta məktəblərdə futbol dərsinin tədris olunduğunu, respublikanın bir neçə bölgəsində futbol məktəblərinin fəaliyyət göstərdiyini diqqətə çatdırmış və ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini vurğulamışdır. “Real Madrid” Fondu ilə birgə həyata keçirilən layihənin əhəmiyyətindən danışan natiq bu əməkdaşlığın ölkə futbolunun inkişafına müsbət təkan verəcəyinə əminliyini ifadə etmişdir.
Sonra “Real Madrid” Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələrdən bəhs edən videoçarx nümayiş olunmuşdur.
“Real Madrid” Fondunun məşqçilik üzrə mütəxəssisi Viktor De Arce fondun beynəlxalq layihələri, həmçinin dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən 200-dən artıq sosial idman məktəbi barədə məlumat vermişdir. O, üç gün ərzində “Vətən” sosial futbol məktəbində təşkil edilmiş təlim-məşq prosesindən, məşqçilərin peşəkarlıq səviyyəsindən və “Real Madrid” Fondunun sosial idman modelini öyrənmək həvəsindən, həmçinin uşaqların futbola olan böyük marağından danışmışdır.
Sosial futbol məktəbinin MDB məkanında ilk dəfə Azərbaycanda açılmasının sevindirici və əlamətdar olduğunu bildirən Viktor De Arce “Vətən” sosial futbol məktəbinə fəaliyyətində uğurlar arzulamışdır.
Sonra “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov layihə ilə bağlı təqdimatla çıxış etmişdir.
Sonda “Vətən” sosial futbol məktəbində təşkil edilmiş təlim-məşq prosesində iştirak edən məşqçilərə “Real Madrid” Fondu tərəfindən diplomlar təqdim olunmuş və qonaqlara xatirə hədiyyələri verilmişdir.
Qeyd edək ki, layihə 4 illik dövrü əhatə edir və ilk fəaliyyət ilində sosial futbol məktəbinin Bakı şəhəri “Vətən” Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.