ÜSƏMA BEN LADEN NƏ DİRİDİR, NƏ DƏ ÖLÜ
AZƏRTAC xəbər verir ki, Fransanın “Est Repübliken” qəzetinin sentyabrın 23-də dərc etdiyi məqalə bu məsələyə marağı yenidən gücləndirmişdir. Məqalədə Fransa xüsusi xidmət orqanlarının məxfi sənədinin surəti verilmişdir. Onlar Səudiyyə Ərəbistanının kəşfiyyatına istinadla bildirmişlər ki, “bir nömrəli terrorçu” avqustda Pakistanda yatalaq xəstəliyindən ölmüşdür.
Sonra dünya KİV-lərinin səhifələrində bu informasiyanı təkzib edən müxtəlif xəbərlər dərc olunmuşdur.
Məsələn, Əfqanıstan Prezidenti Həmid Kərzai bəyan etmişdir ki, Üsəma ben Laden 2001-ci il sentyabrın 11-dən, “Əl-Qaidə”ni Əfqanıstandan qovduğumuz vaxtdan bəri bir dəfə də olsun ölkəmizə gəlməmişdir.
Pakistan hökuməti bildirmişdir ki, “heç bir xarici hökumət Fransa xüsusi xidmət orqanlarının sənədində xatırlanan informasiyanı ona verməmişdir”.
Bu əhvalatın əvvəlində “Əl-Qaidə” liderinin ölümü barədə məlumata aydınlıq gətirməkdən imtina edən fransızlar “Est Repübliken” qəzetində dərc olunan sənədin mövcudluğu faktını indi and-amanla danırlar.
Fransanın xarici işlər naziri Filipp Dust-Blazi televiziya ilə çıxış edərək demişdir: “Üsəma ben Laden nə diridir, nə də ölü. Biz onun səhhəti ilə bağlı problem olduğu barədə informasiya almamışıq, onun öldüyü barədə də məlumatımız yoxdur”.
Əfqan talibləri də öz liderinin dünyasını dəyişdiyinə inanmırlar. Pakistanın bəzi KİV-lərində ben Ladenin ölümü barədə xəbərləri təkzib edən informasiya verilmişdir.
Üsəma ben Ladenin ölümü barədə şayiələri ABŞ və Səudiyyə Ərəbistanı hökumətləri də təkzib etmişlər.
Son məlumata görə, o, ağır xəstədir və “Əl-Qaidə”yə komandanlığı oğluna və Ayman əz-Zəvahiriyə vermişdir.