ÜSƏMA BEN LADEN SAĞDIR VƏ MÜHARİBƏ APARIR
Zəvahrinin müraciəti əvvəlcə internetdə, sonra isə “Əl-Cəzirə” peyk telekanalı vasitəsilə efirə verilmişdir.
Zəvahri öz ardıcıllarını neft obyektlərinə hücum etməyə çağırmış və demişdir ki, “Əl-Qaidə” “yayılır, genişlənir və güclənir”. Onun sözlərinə görə, ben Ladenin sağ-salamat olması xəbəri “bütün müsəlmanlar üçün şad xəbərdir”. O bildirmişdir ki, “Əl-Qaidə” müsəlman torpaqlarının müdafiəsi üçün Qərb və İsraildən olan səlibçilərin yeni kampaniyasına qarşı çıxış edən təşkilatdır”. Ben Ladenin silahdaşı demişdir: “İraqda ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya hər gün zərbə ardınca zərbə alır, İraq hökuməti amerikalılara yalvarır ki, ölkədən getməsinlər, çünki bilirlər ki, amerikalılar gedən kimi onların axırı çatacaqdır”. O, islam ölkələrindəki neft obyektlərinə hücum etməyə çağırmışdır, “ona görə ki, neftdən götürülən gəlirin əksər hissəsi islamın düşmənlərinin əlinə keçir”.
Təhsilcə oftalmoloq olan Əymən Zəvahri “Əl-Qaidə”nin baş ideoloqu və ben Ladenin sağ əli sayılır. Ekspertlərin fikrincə, 2001-ci il sentyabrın 11-də ABŞ-a hücum əməliyyatının “beyni” məhz Zəvahri olmuşdur.
ABŞ onun tutulmasına kömək edəcək məlumat üçün 25 milyon dollar ödəməyə hazır olduğunu bildirmişdir.