MƏDƏNİYYƏT
“Ustad aşıqlarımız” seriyasından daha bir kitab nəşr edilmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Azərbaycan Aşıqlar Birliyinin (AAB) layihəsi olan “Ustad aşıqlarımız” seriyasından daha bir kitab işıq üzü görmüşdür.
AZƏRTAC xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında, nəfis tərtibatla çap edilmiş kitab Borçalı aşıq məktəbinin yetirməsi, XX əsrdə aşıq sənətinin inkişafında müstəsna xidmətləri olan və hələ sağlığında ikən klassikləşən, Əməkdar Mədəniyyət İşçisi Aşıq Kamandar Əfəndiyevə həsr olunmuşdur.
Kitabda ədəbiyyat və incəsənət xadimlərinin, folklorşünas alimlərin və sənət dostlarının ustad aşıqla bağlı xatirələri, müxtəlif illərdə mətbuatda dərc olunmuş yazılar, müsahibələri və ona ithaf olunmuş şeirlər yer almışdır.
Kitabın məsləhətçisi və redaktoru AAB-nin sədri, Xalq Şairi Zəlimxan Yaqub, tərtib edəni və nəşrə hazırlayanı isə birliyin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğludur.