Üzüm bağlarında quru budama başa çatıb
İsmayıllı, 1 mart, AZƏRTAC
İsmayıllı rayonunun üzümçülük təsərrüfatlarında quru budama işləri başa çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, üzümçülük İsmayıllıda kənd təsərrüfatının əsas sahələrindəndir və plantasiyaların becərilməsində, yüksək məhsuldarlıqda mühüm aqrotexniki tədbir olan quru budama, eləcə də cərgə aralarının şumlanması artıq yekunlaşıb. Bu işlər rayonda mövcud olan 1161,1 hektar üzüm bağında mütəxəssislərin nəzarəti altında görülüb. Belə ki, quru budama zamanı bar zoğlarının düzgün seçilməsi və tənəyin gücünə uyğun yükün saxlanılması üçün fermerlər, eləcə də işçilər mütəmadi olaraq təlimatlandırılıblar.
Hazırda bağlarda quru bağlama işləri aparılır, xəstəlik və zərərvericilərə qarşı profilaktik tədbirlər görülür. Quru bağlamanın cənub ərazilərdə, o cümlədən Kürdması, Mollaisaqlı ərazi dairələrində martın 20-dək, digər ərazilərdə isə ayın sonunadək başa çatdırılması nəzərdə tutulub. Hazırda hər gün bağlara 200-250 nəfər işçi qüvvəsi çıxır.