İDMAN
Uzun müddətdir zədəli olan “Azərreyl”in kapitanı Azərbaycan Super Liqası yarışlarının XVII turunda meydana çıxa bilər
Bakı, 1 mart AZƏRTAC). Bir ildən çoxdur zədə üzündən meydana çıxmayan yığmamızın və “Azərreyl” voleybol komandasının kapitanı Oksana Parxomenko yenidən oyunlarda iştirak edəcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Super Liqası yarışlarının “İqtisadçı” ilə 8-ci turdan təxirə salınmış oyununda “Azərreyl”in ehtiyat oyunçuları arasında yer alan və meydançadakı komanda yoldaşlarını dəstəkləyən toppaylayıcı böyük ehtimalla martın 3-də voleybol həsrətinə son qoyacaqdır.
“Azərreyl”in baş məşqçisi Alessandro Kiappininin superliqanın 17-ci turu çərçivəsində “Lokomotiv Biləcəri” ilə keçiriləcək görüşdə oyunqurucusuna şans verəcəyi gözlənilir.
O.Parxomenko ötən il yanvarın 17-də Çempionlar Liqası yarışlarının D qrupunun qarşılaşmasında zədələnmişdi. Bakı İdman Sarayında “Tomis” ilə matçın ilk setinin sonlarında yerə düşərkən ayağı burxularaq diz bağlarını qıran voleybolçu cərrahiyyə əməliyyatından sonra uzun müddət bərpa kursu keçmişdi.