DÜNYA
Uzunmüddətli kosmik səyahətlər zamanı kosmonavtları ağlını itirməkdən xilas etmək üsulu tapılmışdır
Bakı, 5 yanvar (AZƏRTAC). Bir sıra başqa səyahətçilər kimi, Beynəlxalq Kosmik Stansiyadakı astronavtlar da gündəlik yazırlar. Lakin kosmosda bu məşğuliyyət gündəlik fikirlərin və hadisələrin sadəcə qeydiyyatından daha artıq əhəmiyyət kəsb edir.
Tədqiqatçılar bu gündəlikləri təhlil etməklə kosmik stansiyada insanların psixi və emosional vəziyyəti barədə təsəvvür əldə etmək, habelə gələcək missiyaları planlaşdırmaq imkanı qazanacaqlar.
Hazırda NASA insanların təcrid olunması və qapalı məkanda qalması ilə əlaqədar davranış problemlərinə həsr edilmiş maraqlı tədqiqat aparır. Bu mühüm araşdırma belə bir əsas suala cavab verməlidir: insanlar gələcəkdə uzunmüddətli kosmik səyahətlərə davam gətirə, mühakimə qabiliyyətini, bir-biri ilə normal münasibətləri və iş qabiliyyətini saxlaya biləcəklərmi?
Bu tədqiqatda astronavtların qeydləri ilə yanaşı, qütb tədqiqatçılarının, səyyahların, Hind okeanının cənub hissəsində və ya Antraktidada yerləşən adalarda uzun müddət təcrid olunmuş tədqiqatçıların və digər insanların gündəlikləri də öyrənilir. Bu insanların təcrübəsi gələcəkdə Marsa uçuşun planlaşdırılması üçün kosmik stansiyalarda çoxillik iş təcrübəsi ilə müqayisədə heç də az əhəmiyyət daşımır.
Beynəlxalq Kosmik Stansiyada gündəlik yazmaq stansiyanın heyət üzvlərinin xatirələrini, onların təcrübəsini qeydə almağa və stress səviyyəsini aşağı salmağa imkan verən faydalı məşğuliyyətdir. İnsan kosmosda olarkən o, melanxoliyaya, apatiyaya məruz qalır. Başqa insanlardan uzaq düşmək və təcrid olunmaq həm müsbət, həm də mənfi emosiyaları son həddə çatdırır.
NASA alimləri öz araşdırmalarını əsaslandırmaq üçün Beynəlxalq Kosmik Stansiya heyətinin on üzvündən xahiş etmişlər ki, onlar müvafiq şablondan və noutbukdan istifadə etməklə həftədə ən azı 3 dəfə öz qeydlərini yazsınlar. Beləliklə, kosmonavtın orta hesabla 188 gün stansiyada olduğu müddətdə 4247 qeydiyyat aparılmışdır.
Bu material əsasında müəyyən psixoloji nəticələrə gətirib çıxaran hadisələrin 24 əsas kateqoriyası aşkar edilmişdir. Gündəlik qeydlərin 88 faizi həmin 24 kateqoriyadan 10-nun payına düşür. Bunlar əsasən kosmonavtların fəaliyyətinin konkret istiqamətləridir: iş, Yer İlə əlaqə olmayan dövrlər, təmir, qrup halında iş, istirahət, qida qəbulu, yuxu və s.
Anonim qeydlərin ümumi ahəngi kifayət qədər müsbətdir: kosmonavtlar bildirmişlər ki, kosmik stansiyada həyat və iş onların gözlədiyindən asan olmuşdur. Lakin hələlik şərait yetərincə rahat deyil və uzun müddət maksimum məhsuldarlığı təmin edə bilmir. Heyət üzvlərinin sayının artırılaraq 3 nəfərdən 6 nəfərə çatdırılması insanların psixologiyasına müsbət təsir göstərmişdir: onlarda tənhalıq hissi azalmışdır.