ELM VƏ TƏHSİL
Vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilmiş test imtahanının nəticələri açıqlanıb
Bakı, 2 mart, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 1-də Daxili İşlər Orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanın nəticələri bu qurumun internet saytında yerləşdirilib.
Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar.
Müsabiqədə iştirak üçün 207 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 18-i imtahana gəlməyib. İmtahanda iştirak edən 189 namizəddən 62-si müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb.
Ən yüksək nəticə 89 bal olub.