İQTİSADİYYAT
Valeh Ələsgərov: TAP layihəsi Avropa ölkələri üçün çox əhəmiyyətli olacaqdır
Bakı, 5 iyul (AZƏRTAC). Avropa bazarı regionda ən böyük bazardır. Yaxın onilliklərdə bu bazarın təbii qaza olan tələbatı daha da artacaqdır. Ona görə də, Azərbaycan qazını Avropa bazarına çatdıran layihələr çox önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov demişdir.
V.Ələsgərov bildirmişdir ki, “Trans-Adriatik Pipeline” (TAP) qaz kəməri layihəsi iqtisadi və maliyyə cəhətdən daha mənfəətlidir. Buna görə də müxtəlif variantlar arasından məhz bu layihəyə üstünlük verilmişdir. Layihənin əsas əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan qazı ən əlverişli, təhlükəsiz və səmərəli yol ilə Avropa bazarına çatdırılacaqdır. Azərbaycan qazı təkcə Türkiyə, Yunanıstan və İtaliyaya deyil, İtaliya keçməklə digər Avropa ölkələrinə də nəql olunacaqdır. Ümumiyyətlə, bu layihə Avropa ölkələri üçün çox əhəmiyyətli olacaqdır.