CƏMİYYƏT
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayram şənliyi təşkil edilib
Bakı, 1 iyun, AZƏRTAC
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Ulduz Şokolad Fabriki Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı tam orta internat məktəbində bayram şənliyi təşkil edib.
Veysəloğlu Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, fabrik rəhbərliyinin də iştirak etdiyi əyləncəli tədbirdə uşaqlar xoş anlar yaşayıblar. Hər il olduğu kimi, bu il də valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqlara müxtəlif hədiyyələr və gigiyenik vasitələr təqdim edilib.
Xatırladaq ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasına qoşulub.