MƏDƏNİYYƏT
Valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin “Mən yaradıram!” layihəsinin yaradıcılıq sərgisi keçirilmişdir
Bakı, 5 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən IV qrant müsabiqəsi çərçivəsində “Mən yaradıram!” layihəsinin sərgisi keçirilmişdir.
Layihənin rəhbəri Tərlan Səfərov AZƏRTAC-a bildirmişdir ki, sərgidə 50 gənc müəllifin rəsmləri, müxtəlif əl işləri nümayiş etdirilmişdir.
Sərginin açılış mərasimində bildirilmişdir ki, layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin bacarıqlarını ictimaiyyətə təqdim etmək və cəmiyyətin onlara diqqətini artırmaqdan ibarətdir.
Diqqətə çatdırmışdır ki, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən paytaxtımızda və bölgələrimizdə olan uşaq evləri və internat məktəblərində yaradılmış yüksək şərait onlara öz bacarıqlarını göstərməyə imkan vermişdir. Nəticədə onların çəkdikləri rəsmlər, hazırladıqları əl işləri ortaya çıxmışdır. Həmin əsərlərin hər biri saf düşüncənin məhsulu kimi maraqlı və gözəldir. Bu baxımdan “Mən yaradıram!” layihəsi çərçivəsində 11 nömrəli xüsusi internat məktəbində yaşayan və təhsil alan yeniyetmə gənclərin bacarıqlarını üzə çıxarmaqla onların əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Bununla da həmin yeniyetmə və gənclər cəmiyyətin diqqətində olduqlarını bir daha hiss etmişlər.
Sonra 11 nömrəli xüsusi internat məktəbinin direktoru Gülnarə Abdullayeva layihənin əhəmiyyətindən danışmışdır. O, uşaq evlərində və internat məktəblərində yaşayan və tərbiyə alan gənclərə Heydər Əliyev Fondunun böyük diqqət və qayğısını xüsusilə vurğulamışdır.
Sonda layihədə fəal iştirak edən yeniyetmə və gənclərə diplomlar təqdim olunmuşdur.