VALİDEYN TƏRANƏ RƏHİMOVANIN ÇIXIŞI
-Möhtərəm cənab Prezident,
Azərbaycanın birinci xanımı hörmətli Mehriban Əliyeva!
Sizi qəsəbədə yaşayan minlərlə valideyn adından salamlayır, Sizə cansağlığı arzulayıram. Övladlarımız üçün inşa edilmiş və möhtəşəmliyi ilə gözoxşayan bu məktəb binasına görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.
İndiyədək qəsəbəmizdə fəaliyyət göstərən məktəb təhsil üçün heç bir şəraiti olmayan yataqxana binasında yerləşirdi. Bu isə övladlarımızın həm təhsilinə, həm də onların əhvalına mənfi təsirini göstərirdi. Sizin təşəbbüsünüzlə inşa edilən yeni məktəb binası biz valideynlərin bu narahatçılığına son qoydu. 3-4 növbədə oxuyan uşaqlarımızın bir növbədə təhsil almalarına, beşgünlük rejimə keçməsinə imkan yarandı.
Cənab Prezident, biz bilirik ki, son zamanlar ölkəmizdə, o cümlədən Bakı şəhərində çoxlu məktəb tikilir, əsaslı təmir edilir, onlar yeni avadanlıqla təmin olunur, kompyuterləşdirilir. Biz valideynlər üçün digər böyük hədiyyəniz isə övladlarımızın dərsliklərlə pulsuz təmin olunmasıdır. Buna görə də Sizə çox sağ olun deyirik.
Açılışında iştirak etdiyimiz bu məktəb binasında uşaqlarımızın təhsili üçün hər cür şərait vardır. Kompyuter otaqları, idman kompleksi, geniş sinif otaqları, fənn kabinetləri, geniş dəhlizlər doğrudan da adamı valeh edir. Bu məktəbin tikilişi ilə qəsəbəmiz həm abadlaşıb, həm də gözəlləşibdir. Belə bir məktəbdə təhsildə yüksək keyfiyyətə nail olmaq hamımızın - həm müəllimlərin, həm valideynlərin, həm də şagirdlərin borcudur. Biz arzu edərdik ki, bu məktəbin fəaliyyətinin genişlənməsində, onun idarə edilməsində, problemlərinin həllində dünya məktəblərində olduğu kimi, biz valideynlər də yaxından iştirak edək.
İndi müəllimlərlə bir yerdə bizim əsas vəzifəmiz Sizin etimadınızı doğrultmaq, övladlarımızın gələcəyi üçün inşa edilmiş bu məktəbi qorumaq, Azərbaycanın parlaq gələcəyi naminə layiqli övladlar böyütməkdir. Bu qayğıya, diqqətə görə Sizə bir daha çox sağ olun deyir, cansağlığı arzulayır, öz minnətdarlığımızı bildiririk.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.