CƏMİYYƏT
Valideynini itirmiş gənc üçün toy mərasimi təşkil olunub
Bakı, 22 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məzun evi" Sosial Müəssisəsində mənzillə təmin olunan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərdən Ümid İsayev üçün toy mərasimi təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Prezident İlham Əliyevin sosial cəhətdən həssas qruplardan olan şəxslərə diqqət və qayğısının valideyn himayəsindən məhrum gəncləri də əhatə etdiyi vurğulanıb. Həmin gənclərin etibarlı sosial müdafiəsi və rifah halının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs olunub.
Mərasimdə çıxış edən "Məzun evi"nin sakinləri valideyn himayəsindən məhrum gənclərin müasir tələblərə cavab verən mənzillərlə təmin edilmələrinə, onların yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün görülən işlərə görə Prezident İlham Əliyevə və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar göstərilən bu böyük diqqət və qayğını daim ölkəmizə layiq insanlar kimi yaşayıb çalışmaqla doğrulmaq əzmində olduqlarını vurğulayıblar. Toy mərasimində iştirak edənlər yeni qurulan ailəyə xoş arzularını ifadə edib, sevinclərini bölüşüblər.
Dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının yaşayış sahəsi ilə təmin olunması işlərinə dövlətimizin başçısının həmin gənclərə xüsusi diqqət və qayğısı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü əsasında başlanılıb. Bu məqsədlə Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilmiş 120 mənzilli yaşayış binası ötən ilin noyabrında gənclərin istifadəsinə verilib.
Yaşayış binası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərir. Dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları burada mənzillərlə təmin ediliblər. Hər bir məzuna mənzil verilib. Hazırda yaşayış binasında yaşayan gənclərdən 37-si ailəlidir və həmin ailələrdə ümumilikdə 38 uşaq var.