SİYASƏT
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar təhsil haqqını ödəməkdən azad olunacaqlar
Bakı, 2 aprel (AZƏRTAC). Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar oxuduqları təhsil müəssisələrində təhsil haqqını ödəməkdən azad olunacaqlar.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişikliklər ediləcəkdir. Dəyişikliklərdən ibarət qanun layihəsi Milli Məclisin sosial siyasət komitəsinin aprelin 2-də keçirilmiş iclasında müzakirə olunmuşdur.
Komitə sədri Hadi Rəcəbli demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin parlamentə göndərdiyi həmin qanun layihəsində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bələdiyyə və özəl ali, orta ixtisas məktəblərində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı ödəməkdən azad olunmaları nəzərdə tutulmuşdur. Onların təhsil haqları dövlət büdcəsindən ödəniləcəkdir.
Bildirilmişdir ki, bu günə kimi, bu qəbildən olan təxminən 365 nəfər təhsil müəssisələrində təhsil haqqının ödənişindən azad olunmaq üçün müvafiq təşkilatlara müraciət etmişdir. Lakin, bu müraciətlərin heç biri qəbul olunmamışdır. Təkcə 2009-2012-ci illərdə valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan 166 nəfər ali təhsil müəssisələrinə daxil olmuşdur və hazırda təhsil alırlar. Onların da 19 nəfəri ödənişli təhsil alır. Orta ixtisas təhsili müəssisələrində isə 128 nəfər təhsil alır və onların da 17 nəfəri təhsil haqqını ödəmək məcburiyyətindədir.
Müzakirələr zamanı qeyd olunmuşdur ki, bu qanun valideynlərindən birini itirmiş və ikinci valideyni əlillik statusu almış şəxslərə də şamil olunacaqdır.
Müzakirələr zamanı bir fikir xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidentinin bu humanist addımı nəticəsində növbəti illərdə ali və orta ixtisas məktəblərində təhsil alanların sayı artacaqdır.
Daha sonra iclasda İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə edilən kiçik dəyişiklərlə müzakirə edilmişdir.
Müzakirələrdən sonra qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.