MƏDƏNİYYƏT
Vaqif Mustafazadənin musiqisi gənc musiqiçilərin yaradıcılığında yaşayır
Bakı, 16 dekabr, Ayişə Axundova, AZƏRTAC
Dekabrın 16-da Vaqif Mustafazadənin İçərişəhərdəki ev-muzeyində tanınmış musiqiçi, pianoçu, bəstəkar, caz muğam janrının banisi, Azərbaycanın Əməkdar Artisti və Əməkdar İncəsənət Xadiminin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında Dövlət Musiqi Mədəniyyəti Muzeyi tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən ev-muzeyin direktoru, V.Mustafazadə adına Xeyriyyə Fondunun sədri Afaq Əliyeva, Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova, musiqişünas və Vaqif Mustafazadə yaradıcılığının tədqiqatçısı Turan Məmmədəliyeva qeyd ediblər ki, bu il dekabrın 16-da yaradıcılığı təkcə Azərbaycanda deyil, həm də ölkəmizin hüdudlarından kənarda tanınıb sevilən istedadlı musiqiçinin vəfatının 35 ili tamam olur. Xüsusi vurğulanıb ki, musiqiçinin İçərişəhərdəki rahat mənzilinin qapısı həmişə açıqdır, burada yaradılmış muzey müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün gözəl məkandır.
Tədbirdə musiqişünas Rauf Fərhadovun Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Vaqif Mustafazadə” kitabının və tanınmış şoumen Bəhram Bağırzadənin “Merə məktublar” kitabının təqdimatı olub.
Tədbirdə gənc musiqiçilər çıxış ediblər. Bakı Musiqi Akademiyasının tələbəsi Etibar Ərdəbilli, Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi Nigar Quliyeva, pianoçu və bəstəkar Etibar Əsədli Vaqif Mustafazadənin “Mart”, “Düşüncə” və digər ölməz əsərlərini ifa ediblər.
Xatirə gecəsində musiqi ictimaiyyətinin nümayəndələri, tanınmış caz ifaçıları, Bakı muzeylərinin əməkdaşları və başqa qonaqlar iştirak ediblər.