DÜNYA
Varşava istəyir ki, onun müttəfiqləri Amerikanın Polşadakı qoşunları barədə məlumatlandırılsınlar
Varşava, 23 oktyabr, AZƏRTAC
Polşanın xarici işlər naziri Yatsek Çaputoviçin fikrincə, onun ölkəsinin müttəfiqləri bilməlidirlər ki, Varşava ABŞ-ın Polşada daha geniş hərbi iştirakını təmin etməyə çalışır.
AZƏRTAC Polşa KİV-lərinə istinadla xəbər verir ki, Yatsek Çaputoviç Brüsseldə NATO-nun rəhbəri Yens Stoltenberq ilə görüşdə deyib: “Hesab edirik ki, Polşada Amerika qoşunlarının daha geniş miqyasda yerləşdirilməsi üçün bizim gördüyümüz tədbirlər ölkəmizin, bütün regionun və ümumiyyətlə Şimali Atlantika Alyansının təhlükəsizliyini möhkəmləndirməyə kömək edir”.
Çaputoviç daha sonra bildirib ki, Polşanın şimalında, Redzikovoda ABŞ qoşunları artıq daimi əsasda yerləşdirilib.
Polşa Prezidenti Ancey Duda bu yaxınlarda verdiyi bir müsahibədə bildirib ki, ABŞ-ın Polşada yeni daimi hərbi bazasının yaradılması həqiqətən uğurlu sövdə ola bilər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava