DÜNYA
Vaşinqtonda ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Benqazi hadisələrinə dair dinləmələr gərgin keçmişdir
Vaşinqton, 24 yanvar (AZƏRTAC). ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin xüsusi dinləməsində senatorlar ABŞ dövlət katibi Hillari Klintonu 2012-ci il sentyabrın 11-də Liviyanın Benqazi şəhərində baş vermiş hadisələr barədə sorğu-sual etmişlər.
Xatırladaq ki, keçən il sentyabrın 11-də silahlı naməlum şəxslər ABŞ-ın Benqazidəki diplomatik missiyasına hücum etmiş, nəticədə ABŞ-ın bu ölkədəki səfiri Kristofer Stivens də daxil olmaqla 4 nəfər amerikalı qətlə yetirilmişdir.
Komitənin gərgin şəraitdə keçən panel iclasında bir qrup respublikaçı senator dövlət katibindən bir sıra mühüm məsələlərə, o cümlədən diplomatik missiyanın təhlükəsizliyinin və mühafizəsinin təmin olunmamasının səbəblərinə aydınlıq gətirməsini tələb etmişdir.
Komitə həmçinin, 2012-ci il sentyabrın 16-da ABŞ-ın BMT-dəki səfiri Süzan Raysın səhv bəyanatının da izah olunmasını tələb etmişdir. Həmin bəyanata görə, guya baş vermiş hadisə antiislam ruhlu filmə qarşı etirazın nəticəsi olmuş, sonradan bu aksiya kortəbii şəkildə genişlənərək silahlı hücuma çevrilmiş və hücum üçün ilkin səbəb olmamışdır. Komitənin iclasında Viskonsin ştatını təmsil edən respublikaçılar senator Ron Concon isə Süzan Raysın bu sözlərini baş vermiş hadisəyə görə təqsiri dövlət departamentinin üzərindən götürmək üçün “məqsədyönlü dezinformasiya” adlandırmışdır.
Dövlət katibi Klinton komitənin ittihamlarından özünü müdafiə etmək üçün emosional şəkildə cavab vermişdir ki, indiki mərhələdə hücumun hansı şəkildə edilməsinin əhəmiyyəti yoxdur və hökumət “gələcəkdə bu cür insidentlərin qarşısını almaq üçün mümkün olan hər şeyi etmişdir”. Klinton onu da qeyd etmişdir ki, o, ABŞ-ın xarici ölkələrdəki diplomatik işçilərinin təhlükəsizliyini gücləndirmək məqsədilə İnspeksialar üzrə Müşahidə Şurasının 29 tövsiyəsinin hamısını qəbul etmişdir.
Arizona ştatından senator Con MakKeyn və Kentukki ştatından senator Rend Pol dövlət katibinin fəaliyyətsizliyini tənqid etmişlər.
Diplomatik missiyaya hücumdan sonra yayılmış məlumatlara görə, Benqazidə həlak olmuş səfir Stivens diplomatik missiyaya hücumdan əvvəl dəfələrlə xahiş etmişdi ki, Liviyada vəziyyətin mürəkkəbləşməsi ilə əlaqədar buradakı amerikalıların təhlükəsizliyinin təmin edilməsi gücləndirilsin.
Senator MakKeyn Hillari Klintonun ifadələrini qeyri-qənaətbəxş hesab etmiş və dövlət katibindən tələb etmişdir ki, Kristofer Stivensdən və onun Benqazidəki əməkdaşlarından elektron poçt vasitəsilə alınmış bütün xəbərlər ictimaiyyətə çatdırılsın.
Müşahidə Şurasının Benqazidəki hadisələrlə əlaqədar inspeksiya üzrə hesabatında qeyd edilir ki, diplomatik missiyaya hücum edilənə qədər “ABŞ hökumətinin işçiləri tərəfindən fəaliyyətsizlik və ya məsuliyyətə qəsdən etinasızlıq faktları aşkar edilməmişdir”. Bununla belə, dövlət departamentinin bir işçisi istefa vermiş, daha üç əməkdaş öz vəzifəsindən müvəqqəti kənarlaşdırılmışdır.
Yusif Babanlı
Vaşinqton