SİYASƏT
Vaşinqtonda Mərkəzi Asiya–Qafqaz İnstitutunda Azərbaycan deputatları ilə görüş keçirilmişdir
Vaşinqton, 15 mart (AZƏRTAC). Vaşinqtonda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin deputatları Səməd Seyidov, Sevinc Fətəliyeva, Asim Mollazadə və Sahibə Qafarova martın 14-də Con Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya-Qafqaz İnstitutu tərəfindən təşkil olunmuş görüşdə iştirak etmişlər.
Mərkəzi Asiya-Qafqaz İnstitutunun rəhbəri Frederik Starın moderatorluq etdiyi görüşə əsasən ABŞ Dövlət Departamentinin, diplomatik korpusun və araşdırma mərkəzlərinin nümayəndələri və Con Hopkins Universitetinin tələbələri qatılmışlar.
Azərbaycan nümayəndə heyətinin üzvləri iştirakçılar qarşısında çıxış edərək, ABŞ-Azərbaycan münasibətlərinin inkişafı, ölkəmizin yerləşdiyi regionda cərəyan edən hadisələr, ölkəmizdə həyata keçirilən islahatlar, eləcə də cəmiyyətimizin üzləşdiyi problemlər barədə fikirlərini bölüşmüşlər. Deputatlar Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ tərəfindən gözlədiyimiz addımlar haqqında danışmış və Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasının yaradacağı imkanları qeyd etmişlər. Fərdi təqdimatların ardınca natiqlər tərəfindən iştirakçıların sualları cavablandırılmışdır.
Yusif Babanlı
Vaşinqton