VAYXIR SU ANBARI İLƏ TANIŞLIQ
Ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə tikilən bu su anbarı muxtar respublikanın Babək və Şahbuz rayonları kəndlərinin suvarma suyuna olan ehtiyacını tam ödəyəcəkdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov burada işlərin gedişi barədə Prezident İlham Əliyevə ətraflı məlumat verdi. Bildirildi ki, su anbarının və magistral kanalların tikintisində indiyədək 90 milyard manatlıq iş görülmüşdür. Dəryaçada 100 milyon kubmetr su toplanacaq və bu, 16800 hektar əkin sahəsini suvarmağa imkan verəcəkdir. İndiyədək 2500 metrlik əsas kanalın 200 metrində, 5 kilometrlik sol sahil kanalının 4,5 kilometrində, 21,5 kilometrlik sağ sahil kanalının 12,6 kilometrində tikinti işləri başa çatdırılmışdır.
Prezident İlham Əliyev tikinti layihəsinin detalları ilə yaxından tanış oldu, burada elektrik stansiyasının inşası və digər məsələlərlə əlaqədar göstəriş və tövsiyələrini verdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev Vayxır su anbarı ilə tanışlıqdan sonra qədim diyarın müqəddəs yerlərindən biri olan Əshabi Kəhf ziyarətgahına gəldi.
Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva bu müqəddəs ocağı ziyarət etdilər, nəzir verdilər.