Vəfa Yaqublu: Dövlət məktəbəqədər təhsil müəssisələrində qəbul potensialı 112 minə çatdırılıb
Bakı, 20 iyul, AZƏRTAC
Dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul imkanları artırılıb, məktəbəhazırlıq və icma əsaslı təlim qruplarında əlavə yerlər yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nın təsdiq edilməsi ilə bağlı mediaya açıqlamasında məlumat verib.
Direktor müavini bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi dövlətin qarşıya qoyduğu əsas hədəflərdən biridir. Onun sözlərinə görə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlı əhaliyə nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulur.
Vəfa Yaqublu qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində dövlət məktəbəqədər təhsil müəssisələrində qəbul üçün əlavə yerlər açılaraq ümumi qəbul potensialı 112 minə çatdırılıb.
“İcmaəsaslı təlim qruplarında əlavə 12 min yer yaradılıb və qəbul potensialı 36 min uşağa yüksəlib. Bununla yanaşı, məktəbəhazırlıq qruplarında da əlavə 16 min yer açılıb və 104 min uşağın qəbulu planlaşdırılır. Valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi özəl məktəbəqədər təhsil müəssisələrinin potensialının daha səmərəli reallaşdırılmasına və məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına töhfə verəcək,”- deyə direktor müavini vurğulayıb.
Vəfa Yaqublu əlavə edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər daha çox uşağın erkən təhsil imkanlarından faydalanmasına və məktəbə daha hazırlıqlı başlamasına xidmət edir.
Müxbir-Nərmin Murad