Azərbaycan Dövlət İnformasiya Agentliyi

VƏLİ AXUNDOV ADINA ELMİ-TƏDQİQAT TİBBİ PROFİLAKTİKA İNSTİTUTUNA

Hörmətli İnstitut əməkdaşları! 

Sizi - Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun işçilərini institutunuzun yaradılmasının 80 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanda profilaktik təbabətin aktual problemlərinin həlli ilə məşğul olan institutunuzun ölkəmizdə səhiyyə işinin elmi əsaslarla qurulmasında və inkişaf etdirilməsində böyük xidmətləri vardır. İnstitut diaqnostik-müalicəvi və elmi-metodik fəaliyyəti ilə ölkəmizdə yoluxucu xəstəliklərə qarşı mübarizədə yaxından iştirak edərək insanların sağlamlığının qorunması işinə öz sanballı töhfəsini vermiş və bu sahədə zəngin təcrübə toplamışdır.

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun əsasını qoymuş və inkişafına təkan vermiş görkəmli tibb alimlərinin əməyini yüksək qiymətləndirərək bu yubiley günündə onların xatirəsini böyük ehtiram hissi ilə yad edirəm. Əminəm ki, siz xalqımızın sağlamlığının qorunması yolunda əllərindən gələni əsirgəməmiş həmin nəsillərin ənənələrini ləyaqətlə davam etdirəcək və ölkəmizdə səhiyyə işinin daha da inkişaf etdirilməsi üçün var qüvvənizi sərf edəcəksiniz.

Bu əlamətdar günlərdə sizə - institutun əməkdaşlarına, ölkəmizin bütün səhiyyə işçilərinə insanların sağlamlığının qorunmasına yönəldilmiş nəcib fəaliyyətinizdə böyük uğurlar diləyir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 yanvar 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin