ELM VƏ TƏHSİL
Vəli Hüseynov: Yaxın və uzaq kosmosun tədqiqi müasir dövrümüzün ən mühüm çağırışlarındandır
Bakı, 21 iyul, AZƏRTAC
Yaxın və uzaq kosmosun tədqiqi müasir dövrümüzün elmi və ümumbəşəri əhəmiyyət kəsb edən ən mühüm çağırışlarındandır.
AZƏRTAC xəbər verir ki, bunu Fizika İnstitutunun Kosmik şüa mənbələrinin fizikası laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Hüseynov AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının növbəti onlayn iclasında çıxışı zamanı bildirib.
O deyib ki, neytrinoların maddə ilə qarşılıqlı təsirinin tədqiqi bu çağırışlardan irəli gələn məsələlərin həllində xüsusi əhəmiyyət kəsb edir. Maqnit sahəsi effektinə əsaslanan relikt neytrino detektorunun qurulması və çox yaxın gələcəkdə ondan səmərəli istifadə olunması müxtəlif aidiyyəti elm sahələrini əhatə edən beynəlxalq elmi kollaborasiyanın yaranmasını zəruri edir.
Vəli Hüseynov müvafiq istiqamətdə aparılan tədqiqatlardan söz açıb, əldə olunmuş elmi nəticələrin praktiki əhəmiyyətini qeyd edib.