İQTİSADİYYAT
Venesuela Prezidenti OPEC və qeyri-OPEC ölkələrinin sammitinin keçirilməsini təklif edir
Bakı, 7 dekabr, Nihad Budaqov, AZƏRTAC
Növbəti onillik üçün qlobal bazarda qiymət strategiyasını müəyyən etmək üçün Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə qeyri-OPEC ölkələrinin sammiti keçirilə bilər.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu təkliflə Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro çıxış edib. Venesuela Prezidenti həmin iclasın 2017-ci ilin birinci rübündə keçirilməsini təklif edir.
“Neft bazarının sabitləşməsi və yaxın 10 ildə ədalətli qiymətlərin qorunmasını müzakirə etmək üçün 2017-ci ilin birinci rübündə OPEC və kartelə daxil olmayan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşünün keçirilməsini yazılı formada təklif etməyi planlaşdırıram”, - deyə N.Maduro bildirib.
Qeyd edək ki, dekabrın 10-da Vyanada OPEC-ə üzv ölkələr ilə qeyri-OPEC ölkələri arasında keçiriləcək görüşdə Azərbaycan da daxil olmaqla 14 qeyri-OPEC ölkəsi iştirak edəcək. Görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
Xatırladaq ki, ötən həftə OPEC neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq. OPEC-ə üzv olmayan ölkələr neft hasilatını gündəlik 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmağa söz verib.