İQTİSADİYYAT
Vergi yoxlamasının keçirilməsində mütəxəssis dəvət oluna bilər
Bakı, 4 may, AZƏRTAC
Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz.
Eyni zamanda, mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir.
Vergiödəyicisi vergi yoxlamasının aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda, bu barədə yoxlama aktında müvafiq qeydlər etmək mümkündür. Mütəxəssisin səhv və ya bilərəkdən yalan rəy verməsi nəticəsində vergi orqanlarına və ya vergiödəyicisinə dəyən zərərin ödənilməsi mülki qanunvericiliyə müvafiq olaraq tələb oluna bilər.