REGİONLAR
Vergilər naziri Beyləqanda vətəndaşların müraciətlərini dinləyib VİDEO
Bakı, 23 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə kömək göstərirlər.
Növbəti belə qəbul oktyabrın 23-də vergilər naziri Fazil Məmmədov tərəfindən Beyləqan şəhərində Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Laçın rayonlarından olan vətəndaşlar üçün keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrinin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əməkhaqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.