REGİONLAR
Vergilər naziri Füzulidə vətəndaşları qəbul edib
Bakı, 23 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, sentyabrın 23-də vergilər naziri Fazil Məmmədov Füzuli rayonunda Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əməkhaqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.