İQTİSADİYYAT
Vergilər nazirinin internet ünvanına gələn müraciətlər şəxsən özü tərəfindən oxunur və cavablandırılır
Bakı, 9 iyun (AZƏRTAC). İyunun 9-da Vergilər Nazirliyində “Açıq qapı” günü keçirilmişdir. Tədbir 18 iyun - Azərbaycanda İnsan Hüquqları günü ilə bağlı vergi ödəyicilərinin hüquqlarının qorunması məsələlərinə həsr olunmuşdur.
Nazirin müavini Sahib Ələkbərov Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində 1998-ci il iyunun 18-də ulu öndər Heydər Əliyev tərəfindən atılan addımın vacibliyini vurğulamışdır. Məlumat vermişdir ki, həmin gün “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Prezident İlham Əliyev də bu məsələni həmişə diqqət mərkəzində saxlamış və 2007-ci ildə 18 iyunun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.
S.Ələkbərov vergi ödəyicilərinin hüquqlarının qorunmasının qanunvericiliklə qorunduğunu qeyd etmiş və bildirmişdir ki, MDB-də ilk dəfə Azərbaycanda vergi ödəyicilərinə xidmət strukturu yaradılmışdır. Həmin struktura “195” xidməti, internet saytı, vergi terminalları daxildir. Ötən il nazirliyin rəsmi saytına 2 milyon, bu il isə 1,3 milyon, “195” xidmətinə isə ötən il 236 min, bu il 108 min müraciət olmuşdur. Vergilər nazirinin internet ünvanına gələn müraciətlər şəxsən özü tərəfindən oxunur və cavablandırılır.
Statistikanın təhlili göstərir ki, müraciətlərin əksəriyyəti məlumat, kiçik bir hissəsi isə şikayət xarakterlidir. Şikayətlərinin təminatından narazı qalan vətəndaşlar nazirliyin Apelyasiya Şurasına müraciət edə bilərlər. Cari ilin ilk 5 ayında 15 belə hal qeydə alınmışdır ki, onlardan da 5-i tam, 2-si qismən öz həllini tapmışdır.
Tədbirdə nazirliyin məsul şəxsləri ilə yanaşı ombudsman aparatının nümayəndələri və vergi ödəyiciləri iştirak etmişlər. İştirakçılar Nazirliyin binasında fəaliyyət göstərən “195” Məlumat Mərkəzi və AVİS-in (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) iş prinsipi ilə yaxından tanış olmuşlar.
######