İQTİSADİYYAT
Vergilər Nazirliyində təlim və kurslara 2331 nəfər cəlb olunub
Bakı, 15 iyul, AZƏRTAC
Vergilər Nazirliyində 2017-ci ilin ilk 6 ayı ərzində tədris sahəsində 27-si onlayn olmaqla, təşkil edilmiş 77 təlim və kurslara 2331 nəfər cəlb olunub.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, potensiallı kadrları vergi orqanlarına cəlb etmək, onların bilik və bacarıqlarından təyinatı üzrə istifadə etməklə vergi orqanlarının fəaliyyətində səmərəliliyi artırmaq məqsədilə “2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının inkişafı Strategiyası”nın layihəsi hazırlanıb.
Layihəyə əsasən, vergi orqanlarının spesifik tələblərinin və kadrların fərdi göstəricilərinin nəzərə alınması, insan resurslarının inkişafına yatırılan investisiyanın yüksək səviyyədə geriyə dönüşünün təmin edilməsi, insan resurslarının idarə edilməsi institutlarının qarşılıqlı şəkildə sıx əlaqələndirilməsi, əməkdaşların peşəkarlığının, motivasiyasının və özüinkişafa həvəsinin artırılması nəzərdə tutulur.