DÜNYA
Vestervelle NATO üzrə müttəfiqləri Suriyaya zərbə endirmək məsələsində tələsməməyə çağırır
Berlin, 7 sentyabr (AZƏRTAC). Almaniya Federativ Respublikasının xarici işlər naziri Gido Vestervelle Avropa İttifaqının üzvü olan dövlətlərin XİN rəhbərlərinin Vilnüsdə keçirilən görüşündə ABŞ və Fransaya müraciətlə onları BMT-nin Suriyada apardığı inspeksiyanın nəticələri elan edilməyincə bu ölkəyə hərbi zərbələr endirməməyə çağırmışdır.
Vestervellenin sözlərinə görə, AFR-də şübhə etmirlər ki, Suriyada kimyəvi silah tətbiq edilmişdir və buna görə Əsəd hökuməti məsuliyyət daşıyır. Lakin bir sıra dövlətlər bu fakta şübhə ilə yanaşdığına görə “müstəqil təşkilatın, məhz BMT-nin də öz nəticələrini təqdim etməsi vacibdir”.
dpa agentliyinin verdiyi məlumata görə, Fransanın xarici işlər naziri Loran Fabius həmin görüşdə BMT-nin hesabatını gözləməyin zəruriliyinə əmin olmadığını bildirmişdir. Nazir öz mövqeyini bununla əsaslandırmışdır ki, ekspertlər kimyəvi silahı məhz kimin tətbiq etməsini deyil, bu silahın tətbiq olunması faktını müəyyən etməlidirlər. Fabius demişdir: “İnspektorların verməli olduğu cavab artıq hamıya məlumdur”.