MƏDƏNİYYƏT
Vətən, bayraq, azadlıq mövzularında şeirlər səsləndirilmişdir
Quba, 9 noyabr (AZƏRTAC). Quba Rayon Mərkəzi Kitabxanasında Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon təhsil və mədəniyyət işçilərinin, məktəblilərin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər Azərbaycan bayrağının yaranma tarixi ilə bağlı geniş məlumat vermişlər.
Bildirilmişdir ki, üçrəngli bayrağımız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət Bayrağı Gününün təsis edilməsi ilə əlaqədar imzaladığı sərəncamlarla ölkəmizdə azərbaycançılıq, dövlətçilik və vətəndaşlıq meyllərinin inkişafına stimul vermişdir.
Məktəblilərin ifasında Vətən, bayraq, azadlıq mövzularında şeirlər səsləndirilmişdir.
Şair Ramiz Qusarçaylı tarixi gün münasibətilə qələmə aldığı “Azərbaycan bayrağı” şeirini söyləmişdir.