ELM VƏ TƏHSİL
Vətən həsrətimizə son qoyan 44 günlük müharibə şanlı tariximizdir
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 sentyabr - Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. Rektorluq, professor-müəllim heyəti və tələbələr 1 saylı tədris korpusunda universitetin şəhid tələbə və məzunlarına həsr olunmuş “Şəhidlərin xatirə guşəsi”ndə onlara hörmət və ehtiramlarını bildiriblər.
Anım mərasimi “30 illik Vətən həsrətimizə son qoyan 44 günlük müharibə şanlı tariximizdir” adlı onlayn seminarla davam edib.
Tədbiri açan AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında qaldığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun mənfur düşmənin çoxsaylı təxribatlarına cavab olaraq, ötən il sentyabrın 27-də əks-hücuma keçərək sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı 44 gündə azad etdiyini deyib. Rektor bu Qələbə hissini xalqımıza yaşadan igidlərimizə minnətdarlığını bildirib, bu yolda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməzlik qazandıqlarını, bütün ömrümüz boyu onlara borclu olduğumuzu vurğulayıb.
Tədbirdə Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov, Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Sahib Fərzəliyev, tələbələr Nesin Hüseynova və Vüsal Məmmədov qəhrəman Azərbaycan oğullarının həyatları hesabına Vətən torpaqlarını düşmən işğalından azad edərək, xalqımızın 30 illik həsrətinə son qoyduqlarını bildiriblər.
Universitetin İnşaat fakültəsinin 4-cü kursunda oxuyan, Şuşa uğrunda əməliyyatda ağır yaralanan Fariz Əzizov döyüş yolundan, Azərbaycan Ordusunun şanlı Zəfərindən və Vətən uğrunda canlarından keçən şəhidlərin qorxmazlığından, mərdliyindən danışıb, şəhidlik zirvəsinə ucalan döyüş yoldaşlarına rəhmət diləyib, sağlamlığını itirən qazilərə şəfa arzulayıb.