CƏMİYYƏT
Vətən müharibəsi qazisi: Yeni protezlə sərbəst hərəkət edə biləcəyəm
Bakı, 17 mart, AZƏRTAC
Müddətdən artıq hərbi xidmət qulluqçusu Sərxan Quliyev 29 yaşında Vətən torpağının müdafiəsinə qalxıb. 2020-ci il sentyabrın 27-də erməni hərbi birləşmələrinə qarşı aparılan əks-hücum əməliyyatına qoşularaq azğın düşməni Qarabağ torpaqlarından qovub çıxarmaq uğrundakı haqq savaşında yaxından iştirak edib.
Vətən müharibəsi qazisi AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “2020-ci il sentyabrın 27-də Murov yüksəkliyi uğrunda döyüşlərdə iştirak etdik. Bir həftə orada döyüşəndən sonra bizim piyada qoşunlarının əsgərlərini Füzuliyə göndərdilər. Həmin rayonda bir neçə döyüş mövqeyinin azad edilməsində iştirak edəndən sonra komandanlığın əmri ilə Qubadlı uğrunda döyüşlərdə silaha sarıldıq. Oktyabrın 18-də mənim başçılıq etdiyim manqanın əsgərləri növbəti döyüş tapşırığını yerinə yetirməyə gedərkən minomyot atəşinə tuş olduq. Bizimlə gedən 10 əsgərdən 5 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti aldı. İrəlidə olduğuma görə ən ağır zədəni mən aldım. Sağ dizimin aşağısından yaralandım”.
Bundan sonra yoldaşları Sərxanı döyüş mövqeyindən çıxararaq təxliyə ediblər. Onu əvvəlcə Füzuli rayonunun Əhmədbəyli kəndindəki hospitala gətirərək sağ ayağını amputasiya ediblər. Sonra Bakıda Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına göndəriblər. Bir müddət burada müalicə aldıqdan sonra çavuş Sərxan Quliyev bir ay M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicələri davam etdirib, iki ay ərzində isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müalicə olunub.
Son bir ildə Sərxan iki dəfə aşağı ətraf protezi ilə təmin olunub. Artıq bir neçə gündür ki, yeni nəsil protezlə təmin olunan Vətən müharibəsi qazisi ona göstərilən bu qayğıdan razılıq edib: “Torpağımızı düşmən işğalından qoruyan hər bir əsgər və zabit ölkəmizdə böyük diqqət və qayğı ilə əhatə olunub. Mənə üçüncü dəfədir ki, protez verilir. Bu o deməkdir ki, mən heç kəsin köməyi olmadan hərəkət edə, sərbəst şəkildə otura-dura, aşağı enə, yuxarı qalxa biləcəyəm. Bunun üçün dövlətimizə, sağlamlığıma hər cür qayğı göstərən həkim və tibb işçilərinə öz minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Sərxan Quliyev 1991-ci ildə Bərdə rayonunun Mirasəfli kəndində doğulub. Altı və beş yaşında iki oğlu var. Vətən müharibəsindəki xidmətlərinə görə “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.