REGİONLAR
Vətən müharibəsi şəhidi Ayaz Əhmədovun əziz xatirəsi doğum günündə ehtiramla anılıb
Bakı, 4 mart, AZƏRTAC
Göyçay rayonunun Vətən müharibəsi şəhidi Ayaz Əhmədovun əziz xatirəsi doğum günündə ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Məzahir Əfəndiyev şəhidin ailəsini ziyarət edib. Görüşdə Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi Qələbədən, Ayaz Əhmədovun keçdiyi döyüş yoldan bəhs olunub. Qeyd edilib ki, Azərbaycan Ordusu döyüş meydanında düşməni məğlub etməklə, bütün şəhidlərimizin qisasını alıb.
Şəhid Ayaz Əhmədov 2000-ci il martın 4-də Göyçay şəhərində ziyalı ailəsində anadan olub.
2020-ci il sentyabrın 27- də başlanan Vətən müharibəsində iştirak edən Ayaz Əhmədov oktyabrın 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Ayaz Əhmədov “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.