ELM VƏ TƏHSİL
Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin xatirəsinə həsr olunan şahmat yarışının qalibləri mükafatlandırılıb
Bakı, 11 dekabr, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) tələbələri arasında Tərcümə fakültəsinin məzunu Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin xatirəsinə həsr olunan şahmat yarışı keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, şahmat yarışına 4 komandanı təmsil edən 20 tələbə qatılıb.
Komandalararası yarışda I, II və III yerə layiq görülən Elgün Məhyəddinli, Elvin Həşimov və Sədi Balacazadəyə, tələbə qızlar arasında isə fərdi yarışda I yerə layiq görülən Mirfatimə Ağayevaya diplom və medallar təqdim edilib.
Qeyd edək ki, Kənan Rüstəmli Vətən müharibəsi zamanı Murovdağ silsiləsindəki yüksəkliklərin və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 31-də Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib, xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əsgərabad kəndində adını daşıyan abidə-bulaq kompleksi yaradılıb.